Bir müddət əvvəl metroda Azersun Holding-ə məxsus olan PASHA çay brendinin “tea bag” – yəni, paket çaylarının yeni reklam posterini gördüm. Yalın gözlə səliqəli və gözəl görünsə də, mütəxəssis nəzəri ilə baxdıqda bir sıra xətalara malik olduğu açıq-aydın nəzərə çarpır. Təhlilimi sizinlə bölüşmək istəyirəm.
Plagiat. Ümumiyyətlə, PASHA-nın reklamlarından əzəldən xoşum gəlmirdi, çünki onun qablaşdırma dizaynında istifdə olunan əsas elementlərindən biri olan fincan plagiat üzərində qurulub. Belə ki, PASHA çayının qutusunun dizaynında Dünyanın ən böyük İT şirkətlərindən biri Sun Microsystems-ə məxsus olan Java texnologiyasının və brendinin köhnə loqosu istifadə olunub.
Foto. Mövzudan uzaqlaşmayaq və qayıdaq posterə. Bu posterin dizayn ideyası əsasən foto üzərində qurulub. Konsepsiya yaxşı düşünülüb – PASHAnın şüarı “səmimi hisslər doğurur” və iki qız səmimi söhbət edir. Buna baxmayaraq fotonun hazırlanması zamanı həm professional foto baxımından, həm də estetika baxımından çox kobud xətaya yol verilib:
Şəkildəki qızların yanağına (üzünə) diqqət yetirdiyimiz zaman açıq aydın görünür ki, soldakı qızın yanağı çox tünd, sağdakının isə çox ağ, gur işıqdan partlamış formadadır. Fotoqraf işıqlanma qaydalarını kobud surətdə pozduğu üçün bu kadr zay olunur və istifadəyə yararsızdır. Həvəskar şəkil üçün bəlkə də normal hesab oluna bilər, lakin yararsız və zay olmuş kadrın profesional məqsədlərlə, xüsusən də reklam işi üçün istifadəsi yolverilməzdir!
Məhsulun şəkili. Posterdə yerləşdirilmiş çay qutularının şəkilinə diqqətlə baxsaq qutunun “pəncərəsi” üzərində qara ləkələri görərik:
İlk baxışdan paketdən dağılmış və qutunun pəncərəsinin kənarına yığılmış çay dənələrinə oxşayır
Bu ləkənin nə olduğunu (qablaşmanın xüsusiyyəti, yoxsa xəta) dəqiqləşdirmək üçün həmin PASHA qutusundan alıram və müxtəlif tərəflərə fırladıb şəkilini çəkirəm.
Gördüyümüz kimi,
1. Qutunun pəncərəsindəki görüntü səhvdir – əslində kənarı qara olan çay paketləri səliqə ilə düzülməli idi. Reklamdakı qutuda isə kənarı ağ, bəzən isə qarışıq paketlərdir.
2. Reklamda yerləşdirilmiş prespektiv əslində mümkün deyilmiş – yəni, real olaraq qutu reklamdakı kimi ola bilməz. Bu çox incə detaldır, lakin reklam istehsalı zamanı mütləq gözlənilməlidir. Heç bir dizayna görə məhsulun orijinal dizayn və görünüşü dəyişdirilməməlidir!!!
Nəticə. Bu poster professional və incə reklam işi deyil. Fotoqraf aldatsa da, dizayner xətalar buraxsa da onun hazırlanma prossesinə nəzarət edən Art Direktor və işin son təsdiqini verən rəhbərlik belə işlərin ortaya çıxmasına yol verməməlidir.



