REKLAM

Klipart – tənbəllik və xəsislik güc gələndə

| Şərh yazılmayıb »

clipart-headerBizdə istehsal olunan reklamlarda klipart (hazır şəkillər toplusu) şəkillərindən çox geniş istifadə olunur. Klipartdan istifadə bəzi hallarda çox yaxşıdır -  tez, rahat və ən əsası keyfiyyətli, lakin heç də həmişə yox. Klipart reklamın təkrarsızlığını və kreativliyini təhlükə altına qoyur.

Reklam istehsalı işinin ilk mərhələlərindən biri kreativ ideyanın qoyulmasıdır. Bu iş çox ağır bir prosses olduğu üçün, bir sıra hallarda dizaynerlərimiz (baxmayaraq ki, kreativ ideya məsələsi təkcə onların işi deyil, adətən onlara həvalə olunur) özünü əziyyətə salmamaq üçün təkcə şəkil üçün deyil, həm də ideya axtarışı üçün də klipartlara üz tuturlar. Nəticədə isə, istifadə olunan ideya təkrar olur və reklamın heç bir kreativliyi qalmır, çünki həmin klipart başqa dizaynerlərdə də ola bilər.

Misal üçün, Jalə şirələrinin metro reklamında istifadə olunmuş şəkillə İntrans İnternet provayderinin qəzet reklamındakı şəkil eynidir:

Tullanan oğlanın güzgülü əksi digər birində istifadə olunub (Böyütmək üçün klikləyin)

Daha bir misal. Əvvəlki yazılarımın birində söz açdığım və reklamçılıq baxımından aşağı səviyyəli iş hesab etdiyim Elcell-in reklamının qəhrəmanının şəkili QadınKlubu saytının başlığında da istifadə olunub. Hansısa biri özünü fərqləndirmək üçün hətta paltarını da “dəyişdirib” :) :

Solda Elcell-in reklamı, sağda isə QadınKlubu saytının başlığı

Solda Elcell-in reklamı, sağda isə QadınKlubu saytının başlığı

Reklam tariximizdə belə məqamlar dəfələrlə olub və həmişə də gülüş doğurub.

Yenə də qeyri-professional yanaşma. Belə məsələlərə görə də Ölkəmizdə foto industriyası çox ləng inkişaf edir. Foto industriyamızdan şikayət edən reklam mütəxəssisləri və dizaynerlər səbəbləri özlərində axtarsınlar. Bu işləri fotoqrafa da sifariş etmək olardı (hal-hazırda Bakıda foto qiyməti dünya bazarından dəfələrlə aşağıdır). Razıyam ki, bəzən keyfiyyəti klipart səviyyəsində olmaya da bilər (çünki bəzi foto avadanlıqlar bakıda çox nadir hallarda tapılır), amma düşünürəm ki, bacarıqlı fotoqraflarımız var. Əgər sizə yüksək keyfiyətli şəkil lazımdırsa – buyurun, necə deyərlər – puluna minnət, foto şəkilləri satan saytlardan onları lisenziya ilə tam hüquqlu almaq olar.

Bunlar ya dizaynerin tənbəlliyindəndir (əşi nə olsun e, burda nə var ki?!  klipartdı da…), ya da sifarişçinin xəsisliyindən (bir də fotoqrafa pul verək?! İnternet doldur da şəkillə!). İstənilən halda reklam məhsulun simasıdır, onun hər bir elementi (şəkili, şüarı, mətni, tərtibatı və s.) təkrarolunmaz olmalıdır.



Şərh yaz